Avropa İttifaqı (Aİ) müxalifətdə olan AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Azərbaycan tərəfi ilə əlaqə saxlayacaq. Gundemxeber.com bildirir ki, bunu AzadlıqRadiosunun sorğusuna cavabında qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper deyib.
"Biz Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyası da daxil olmaqla, müvafiq beynəlxalq öhdəliklərinə əməl etməsini gözləyirik. Təqsirləndirilən şəxslərə müstəqil hüquqi yardım və adekvat səhiyyə xidməti göstərilməlidir", – açıqlamada deyilir.
Aİ sözçüsü qurumun hadisələrin gedişatını yaxından izləyəcəyini qeyd edir.
Siyasi sistemin tam məhvi
Dekabrın 1-də AXCP sədri Ə.Kərimli məhkəmə qərarı ilə 2 ay yarım həbs edilib. O, hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham edilir.
AXCP sədrini iki gün öncə, noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DRX) saxlayıb, evində axtarış aparıb. Hökumətyönümlü mediada yayılan xəbərlərə görə, axtarış zamanı onun evindən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məktubu tapılıb.
Ə.Kərimli həbsindən öncəki müsahibələrində adının R.Mehdiyevlə əlaqələndirilməsini "cəfəngiyat" adlandıraraq vurğulayıb ki, bütün fəaliyyəti dövrü Mehdiyevlə tam əks mövqedə olub.
Bir sıra müstəqil yerli ekspertlər və beynəlxalq təhlilçilər deyirlər ki, Ə.Kərimli və ümumilikdə AXCP-yə qarşı addımlar ölkədə siyasi sistemin tamamilə məhv edilməsinə yönəlib.
Bakı beynəlxalq sükutu "yaşıl işıq" kimi qəbul edir
"Avropadakı Tərəqqi və Dəyişiklik Tərəfdaşlığı" adlı qeyri-hökumət təşkilatının prezidenti, "Azərbaycanda Repressiyalara Son" kampaniyasının rəhbəri Florian İrminqerin fikrincə, beynəlxalq ictimaiyyətin hərəkətsizliyi daha çox repressiyalara səbəb olur: "10 ildir davam edən repressiyanın bir aydın məqsədi var: vətəndaş cəmiyyəti məkanını bağlamaq, medianı tamamilə nəzarətdə saxlamaq, siyasi və ya elmi dairələrdəki tənqidçiləri susdurmaq. Avropa İttifaqı və Avropa Şurası bu eskalasiya ilə bağlı tədbir görməlidir, lakin hələ ki baş verənləri sükut və hərəkətsizliklə qarşılayır. Beynəlxalq ictimaiyyətdə yüksək səviyyədə siyasi sükut Bakıda repressiyaları dərinləşdirmək üçün yaşıl işıq kimi qəbul edilir — bu, son 10 ildə öyrəndiyimiz əsas dərsdir".
F. İrminqer deyir ki, yaxın zamanlarda Avropa İttifaqının Azərbaycanla münasibətlərdə enerji və geosiyasi maraqlarını önə çəkdiyini göstərən hesabat yayımlayacaqlar.
AzadlıqRadiosunun Avropa Şurası Parlament Assambleyasına (AŞPA) sorğusuna, hələlik, cavab gəlməyib.
"Təşkilatlanmış siyasi müxalifəti boğmaq"
Son həbslər Azərbaycanda artıq tanış və dərin narahatlıq doğuran bir tendensiyaya uyğun gəlir: müstəqil jurnalistlər, fəallar və müxalif fiqurlar mütəmadi siyasi motivli təqiblərlə üzləşirlər. Bunu isə "Human Righs Watch" insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Giorgi Qogiya AzadlıqRadiosuna bildirib.
"Bu addımlar hökumətin əsas mülki və siyasi hüquqlara hörmətinə ciddi şübhələr yaradır. Daha geniş motivlərə nəzər salsaq, həbslər dalğası narazılığı aradan qaldırmaq, hakimiyyətdəkiləri nəzarətdən qorumağa hesablanıb", – o deyib.
G.Qogiyanın sözlərinə görə, Ə.Kərimlinin həbsi və barəsində dərhal həbs-qətimkan tədbirinin seçilməsi hakimiyyətin təşkilatlanmış siyasi müxalifəti boğmaq qətiyyətini göstərir: "Xalq Cəbhəsi Partiyası və üzvləri uzun illərdir siyasi motivli təqiblərin hədəfindədir, 20-dək üzvü artıq həbsdədir. Kərimlinin həbsi bir daha Azərbaycanda təşkilatlanmış siyasi müxalifətə təzyiqlərin sistemli xarakterini üzə çıxarır".
Bundan öncə AXCP-nin 15 üzvünə müxtəlif ittihamlarla uzunmüddətli həbs cəzaları kəsilib. Son illər Azərbaycanda jurnalistlər, ictimai fəal həbslər, siyasətçilər həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Azərbaycan hökuməti bu ittihamları rədd edir, hər kəsin konkret cinayət əməlinə görə cəzalandırıldığını bəyan edir. Yerli və beynəlxalq insan haqları müdafiəçiləri isə hakimiyyəti siyasi repressiyaları dayandırmağa, siyasi motivlərlə həbsə atılmış jurnalistləri, fəalları azad etməyə çağırır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?