Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq İdarə Heyətinin sədri Saleh Məmmədovun adı yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə səbəb onun Almaniyada həyata keçirilən iri həcmli yaşayış kompleksi layihəsində şərik kimi iştirak etdiyi barədə yayılan məlumatlardır.
Gundemxeber.com-un əldə etdiyi məlumata görə, Saleh Məmmədov Almaniyada şəriklik əsasında 47 mənzildən ibarət iki yaşayış binasının tikintisi layihəsində yer alır. Layihə ilə bağlı məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli ictimailəşdirib.
Onun bildirdiyinə görə, sözügedən layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. Məlumata əsasən, tikinti işləri təsdiq edilmiş layihə üzrə davam etdirilir və yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılır.
Bu məlumatlar ictimai maraq doğuran başqa bir məsələni də yenidən gündəmə gətirir. Belə ki, Saleh Məmmədov uzun illər dövlət vəzifəsində çalışdığı dövrdə yol infrastrukturuna ayrılan iri həcmli dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı müxtəlif iddiaların mərkəzində olub. İctimaiyyətə açıqlanan məlumatlarda onun adına təxminən 1 milyard manat dövlət vəsaitinin talan olunması ilə bağlı ittihamların səsləndirildiyi qeyd edilir.
Hazırda Almaniyadakı tikinti layihəsinin maliyyələşmə mənbələri, layihədə tərəflərin pay bölgüsü və investisiyanın hansı vəsait hesabına həyata keçirildiyi barədə rəsmi açıqlama yoxdur. Bu səbəbdən sözügedən məsələlər açıq qalan suallar sırasında qalır və yalnız aidiyyəti qurumların araşdırmaları nəticəsində hüquqi qiymətini tapa bilər.
Qeyd edək ki, araşdırmaçı jurnalist tərəfindən paylaşılan tikinti görüntüsünün orijinal olduğu bildirilir.
Mövzu ilə bağlı Saleh Məmmədovun və ya onun nümayəndələrinin mövqeyi ictimaiyyətə açıqlanmayıb.
Gundemxeber.com
Qeyd: Gundemxeber.com redaksiyası olaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?