Gundemxeber.az » Ölkə » Şəmkir RMX-da mioma əməliyyatından sonra qadının ölümü ilə bağlı prokurorluq araşdırmaya başlayıb: yaxınları əməliyyatda ciddi tibbi pozuntuların olduğunu iddia edirlər
Şəmkir rayonunun Qaracəmirli kənd sakini Şəkərova Xatirə Firail qızının Şəmkir Rayon Mərkəzi Xəstəxanasında keçirilmiş cərrahi əməliyyatdan iki gün sonra vəfat etməsi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Gundemxeber.org-a axil olan məlumata görə, Xatirə Şəkərova 22 iyul 2026-cı il tarixində uşaqlıq mioması diaqnozu ilə əməliyyat olunub. Mərhumun yaxınlarının bildirdiyinə əsasən, əməliyyat həkimlər Ceyhun Rəsulov və onun həyat yoldaşı Arzu Əskərova tərəfindən icra edilib. Onların iddiasına görə, ginekoloji xarakter daşıyan əməliyyatda müvafiq ixtisaslı ginekoloqun iştirakı təmin edilməyib və cərrahi müdaxilə zamanı ciddi tibbi səhvlərə yol verilib.
Yaxınlarının sözlərinə görə, əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilməyərək adi palataya köçürülüb. Bildirilir ki, sonrakı iki gün ərzində onun vəziyyəti sürətlə ağırlaşıb, davamlı və kəskin qusma, qarın boşluğunda nəzərəçarpacaq şişkinlik, güclü ağrılar və ümumi vəziyyətin pisləşməsi müşahidə olunub. Onların iddiasına əsasən, tibbi personal tərəfindən bu əlamətlərə baxmayaraq vaxtında adekvat müdaxilə edilməyib.
Məlumata görə, yalnız 24 iyul 2026-cı il tarixində xəstənin vəziyyəti kritik həddə çatdıqdan sonra reanimasiya tədbirlərinə başlanılıb. Lakin yaxınlarının bildirdiyinə görə, həmin müdaxilə artıq gec olub və Xatirə Şəkərova həyatını itirib.
Hadisədən sonra meyit Şəmkir Rayon Prokurorluğunun qərarı ilə məhkəmə-tibbi ekspertizaya göndərilib. Yaxınlarının sözlərinə görə, meyit ailəyə təhvil verildikdən sonra qarın nahiyəsindəki tikiş yerindən çirkli və nəcisəbənzər mayenin xaric olması müşahidə edilib. Onlar hesab edirlər ki, bu hal əməliyyat zamanı bağırsağın zədələnməsi və sonradan qarın boşluğunda ağır infeksion prosesin inkişaf etməsi ehtimalını gücləndirir.
İlkin məlumatlarda ölümün əməliyyat zamanı bağırsağın zədələnməsi nəticəsində yaranmış ağırlaşmalarla bağlı ola biləcəyi qeyd edilsə də, bu məlumat hələ rəsmi ekspertiza rəyi ilə təsdiqlənməyib. Ölümün dəqiq səbəbi aparılan məhkəmə-tibbi ekspertizasının nəticələri və istintaq çərçivəsində müəyyən ediləcək.
Hazırda Şəmkir Rayon Prokurorluğu tərəfindən hadisənin bütün halları araşdırılır. İstintaq çərçivəsində əməliyyatın gedişi, tibbi sənədlər, əməliyyatda iştirak etmiş şəxslərin fəaliyyəti və ölümə səbəb olmuş amillər hüquqi və tibbi baxımdan qiymətləndiriləcək.
Qeyd edək ki, hazırkı mərhələdə yaxınlarının səsləndirdiyi iddialar istintaq tərəfindən yoxlanılır və araşdırma başa çatana qədər hər hansı şəxsin təqsirli olması barədə qəti nəticə mövcud deyil.
Gundemxeber.org
2-04-2018, 10:40
26-04-2021, 12:23
14-05-2017, 23:41
6-06-2016, 12:36
26-05-2021, 11:27
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?