Gundemxeber.az » Ölkə » Dövlətin borcu həmin evləri bərpa edib məcburi köçkünlərin mülkiyyətinə verməkdir
Keçmiş məcburi köçkünlər illərlə həsrətində olduqları öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. İnsanların ən təbii arzusu doğulduğu torpaqda yaşamaqdır. Əgər hər kəsi dərhal öz kəndinə, öz evinə qaytarmaq mümkün deyilsə, heç olmasa doğulduğu rayonun ərazisində məskunlaşdırmaq lazımdır.
Niyə Zəngilanda, Cəbrayılda, Kəlbəcərdə və digər rayonlarda doğulmuş, ömrü boyu həmin torpaqların həsrəti ilə yaşamış insanları başqa işğaldan azad edilmiş ərazilərə köçürürsünüz? Bütün Azərbaycan torpaqları bizim üçün əzizdir, doğmadır. Amma hər insanın öz doğma yurdu var və o, məhz həmin yurda qayıtmaq istəyir.
Qanunvericiliyə edilən dəyişikliklər də ciddi narahatlıq yaradır. Başqa rayonda təklif olunan mənzildən imtina edən şəxsin məcburi köçkün statusunun avtomatik ləğv edilməsi nə humanist yanaşmadır, nə də ədalətlidir. İnsanlar narazıdır. Niyə onları bezdirirsiniz? Niyə yenidən köçkün həyatı yaşamağa məcbur edirsiniz? Tanımadığı, bələd olmadığı, heç kimi olmayan ərazilərə köçürülmənin məqsədi nədir?
Qayıdış və məskunlaşma könüllü olmalıdır.
Başqa rayonda verilən mənzildən imtina edən şəxsin avtomatik olaraq məcburi köçkün statusunu itirməsi beynəlxalq yanaşmalara və insan hüquqları prinsiplərinə də ziddir.
Azərbaycan Konstitusiyasına əsasən mülkiyyət hüququ dövlət tərəfindən qorunur və qanunsuz məhdudlaşdırıla bilməz. Əgər bir şəxs Cəbrayılda, Füzulidə, Zəngilanda və ya digər işğaldan azad edilmiş rayonlarda qanuni yaşayış evinin, torpaq sahəsinin və ya başqa əmlakın sahibi olubsa, məcburi köçkün statusunun dəyişməsi həmin əmlak üzərindəki mülkiyyət hüququnu avtomatik olaraq aradan qaldırmamalıdır.
İlk növbədə, mümkün olan hallarda insanların əvvəlki yaşayış yerlərindəki evləri bərpa edilməli və ya yenidən tikilərək onlara qaytarılmalıdır. Bərpası mümkün olmayan əmlaklara görə isə bazar dəyərinə uyğun ədalətli kompensasiya ödənilməlidir.
Məcburi köçkün statusu yalnız şəxsin təhlükəsiz və davamlı şəkildə öz daimi yaşayış yerinə qayıdışı təmin edildikdə ləğv olunmalıdır. Başqa rayonda verilən yaşayış yerindən imtina edilməsinə görə statusun avtomatik ləğvi həm hüquqi, həm də insan hüquqları baxımından ciddi mübahisə doğuran məsələdir.
İnsanlar başqa heç nə istəmir. Onlar, sadəcə öz evlərinə, öz kəndlərinə, öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. Bu, insanın ən fundamental hüququdur.
Gunedemxeber.org
17-02-2020, 13:56
9-05-2013, 11:34
23-03-2016, 11:42
25-01-2017, 23:23
17-01-2018, 13:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?