Ukrayna ilə bağlı heç bir razılaşmanın Polşanın və Avropanın təhlükəsizliyini sarsıtmasına imkan verilməməlidir, əksinə, onu gücləndirməlidir. Bunu Polşanın baş naziri Donald Tusk bu gün - noyabrın 24-də Luandada Aİ-Afrika İttifaqı sammiti çərçivəsində jurnalistlərə bildirib.
ABŞ və Ukrayna bu gün İsveçrədə danışıqları davam etdiriblər. Tərəflər Kiyev və onun avropalı müttəfiqlərinin "Kremlin tələb siyahısı" adlandırdığı ABŞ təklifinə dəyişikliklər barədə razılaşıblar, qarşılıqlı məqbul sülh planı üzərində işləyirlər.
Almaniyanın kansleri Fridrix Merts isə deyib ki, ABŞ prezidenti Donald Tramp ötənhəftəki telefon danışığı zamanı Ukrayna üçün birgə hazırlanacaq sülh planına açıq olduğunu deyib.
"Məhz dünən Cenevrədə Ukrayna, ABŞ və Avropa İttifaqı üzv dövlətləri təmsilçilərinin nail olduğu da budur", – Merts Luandadakı sammit çərçivəsində deyib.
Aİ Şurasının prezidenti Antoniu Koşta isə bildirib ki, sülh danışıqları irəlilədiyi bir vaxtda Avropa İttifaqı Ukraynaya dəstəyini davam etdirəcək: "Avropa İttifaqı prezident Zelenskiyə gərəkən bütün diplomatik, hərbi və iqtisadi dəstəyi göstərəcək".
ABŞ: Sülh planı 'Ukraynanı tam qorumaq' üçün yenilənib
Ağ ev bildirir ki, Cenevrədə Kiyevlə danışıqlarda Ukraynadakı müharibəni bitirmək üçün "mənalı proqres" əldə olunub, ölkənin suverenliyini tam qoruyacaq çərçivə "yenilənib və yonulub".
Vaşinqtonun noyabrın 23-də verdiyi bu bəyanatda 28-bəndlik sülh planına hansı dəyişikliklərin olunduğu açıqlanmayıb. Ötən həftə prezident Donald Trampın irəli sürdüyü planı Kiyev tərəfdarları rusiyayönlü deyərək tənqid ediblər.
"Danışıqlar konstruktiv, məqsədyönlü, hörmət əsasında aparılıb, ədalətli və davamlı sülhə ortaq öhdəliyi əks etdirib", – Ağ evin Ukrayna ilə birgə bəyanatında deyilir. Tərəflərin yenilənmiş və cilalanmış sülh çərçivəsi yaratdığı vurğulanır.
Hələlik Trampdan şərh gəlməyib.
Ötən həftə açıqlanmış təklifləri Ukraynanın Avropadakı müttəfiqləri, eləcə də bəzi respublikaçılar daxil olmaqla çoxsaylı ABŞ konqresmenləri də tənqid edib, Kremlin "tələb siyahısı" adlandırıblar.
Ağ ev bildirib ki, Ukrayna nümayəndə heyəti görüşdə bütün əsas narahatlıqlarının – təhlükəsizlik zəmanətləri, uzunmüddətli iqtisadi inkişaf, infrastrukturun qorunması, siyasi suverenliyin ətraflı müzakirə edildiyini təsdiqləyib.
Rubio deyir, Tramp da məmnun qalıb
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edib. Rubio görüşdə "çox böyük irəliləyiş" əldə olunduğunu deyib, müzakirələr haqda Trampa məlumat verdikdə onun məmnun qaldığını bildirib.
Vaşinqton Kiyevə planı tez bir zamanda qəbul etməsi üçün təzyiqini artırırdı. Tramp isə plana qarşı çıxış etdiklərinə görə Ukrayna və Avropa müttəfiqlərinə narazılığını bildirmişdi.
Ukrayna nümayəndə heyətinə rəhbərlik edən, Zelenski administrasiyasının rəhbəri Andrey Yermak jurnalistlərə danışıqlarda "çox yaxşı" irəliləyiş əldə olunduğunu deyib. Onun sözlərinə görə, "Ukrayna xalqının layiq olduğu ədalətli və davamlı sülhə doğru irəliləyirlər".
Qərbin çoxsaylı agentlikləri adlarını çəkmədiyi mənbələrə xəbər veriblər ki, bu həftənin əvvəlində Zelenski Vaşinqtona gedə, Trampla müzakirələr apara bilər.
"Reuters" bir mənbəyə istinadla 28 -bəndlik planın ən həssas məsələlərinin, Ukraynanın Rusiyaya ərazi güzəştə getməsinin əsas müzakirə olunacağını yazıb.
İlkin plan rəsmən açıqlanmasa da, əsas elementləri sızdırılıb. Şərtlərdə Kiyevdən böyük güzəştlər tələb olunub, çoxu da Kremlin tələblərini əks etdirib – Donbas kimi tanınan Donetsk və Luqansk vilayətlərinin, eləcə də Krımın verilməsi, ordunun sayının azaldılması və sairə.
ABŞ konqresnmenləri və xarici müttəfiqlərin təpkisindən sonra Tramp noyabrın 22-də plana dəyişiklikləri istisna etməyib.
Avropa planı
Almaniyanın "dpa" agentliyinin yazdığına görə, Avropanın planından Ukraynanın ərazi güzəştə getməsi nəzərdə tutulmur. Amma silahlı qüvvə sayı üçün 800 min hərbçi sayı limiti qoyulub. ABŞ-nin təklifində bu say 600 min idi. Ukraynaya güclü təhlükəsizlik qarantiyaları da verilir.
Kiyevin NATO üzvlüyü tamamilə istisna olunmur, Rusiyaya hərbi cinayətlərə görə ümumi amnistiya verilmir. "dpa" bunları mənbələrə istinad etmədən yazır.
Avropa və Afrika liderləri noyabrın 24-də Anqolada iqtisadi sammitdə görüşəcəklər. Ukrayna müharibəsinin əsas mövzu olacağı gözlənilir.
Kreml Cenevrə danışıqlarını şərh etməyib. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışacağını, Ukraynada sülh səylərini müzakirə edəcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?