Gundemxeber.az » Ölkə » VÜQAR TOFİQOĞLUNUN MƏHKƏMƏSİ GİZLİ SAXLANILIR - Baş redaktorun qardaşı Avropa İttifaqının səfirinə müraciət etdi
“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) məhkəmə tarixi müəmmalı şəkildə gizli saxlanılır.Gundemxeber.com hürriyyət.org-a istinadən xəbər verir ki, öncədən məhkəmə prosesinin fevralın 13-də keçiriləcəyi elan olunsa da, hazırda bununla bağlı heç bir rəsmi açıqlama verilmir.
Belə ki, istər V.Məmmədovun vəkili Aqil Layıca, istər də ailə üzvlərinə baş redaktorun növbəti məhkəmə prosesinin hansı tarixdə keçiriləcəyi ilə bağlı heç bir rəsmi və qeyri-rəsmi məlumat bildirilmir. Bu isə Vüqar Məmmədovun yaxınlarında ciddi narahatçılığa səbəb olub.
.jpg)
Odur ki, baş redaktorun qardaşı, “Hürriyyət” qəzetinin baş direktoru Cəsur Məmmədov Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Mariyana Kuyundziçə (Mariana Kuyundzich) müraciət edərək, Vüqar Məmmədovun məhkəmə prosesini diqqətdə saxlamağı xahiş edib. C.Məmmədovun məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli xanım Səfir!
İlk öncə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə daha əvvəl ünvanladığım müraciətə qısa müddət ərzində cavab verdiyinizə görə təşəkkür edirəm.
Hansı ki, həmin cavab məktubunda “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə aparılan istintaq və məhkəmə prosesini izlədiyinizi qeyd etmişdiniz. Eyni zamanda, növbəti məhkəmə iclasının keçiriləcəyi tarix barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə məlumat verməyimizi istəmişdiniz.
Təəssüf hissi ilə bildirmək istəyirəm ki, Vüqar Məmmədovun növbəti məhkəmə iclasının vaxtı barədə nə ailə üzvlərinə, nə vəkilinə, nə də ictimaiyyət nümayəndələrinə hər hansı rəsmi məlumat təqdim olunmamışdır.
Məhkəmə prosesinin şəffaflığı və açıq məhkəmə araşdırması prinsipləri baxımından bu cür məlumatların gizli saxlanılması ciddi narahatlıq doğurur və tərəfimizdən Avropa İttifaqının Nümayəndəliyinə hər hansı konkret informasiya verilməsini faktiki olaraq mümkünsüz edir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən xahiş edirik ki, məsələni diqqətdə saxlayasınız və Avropa İttifaqının insan hüquqları, qanunun aliliyi və ədalətli məhkəmə araşdırması prinsipləri çərçivəsində mövcud səlahiyyətləriniz daxilində bu işə münasibət bildirməyinizi və mümkün institusional mexanizmlər vasitəsilə prosesin şəffaflığının təmin olunmasına dəstək göstərəsiniz.
Ümidvarıq ki, Vüqar Məmmədovun işi üzrə məhkəmə prosesinin açıq, ədalətli və beynəlxalq hüquq normalarına uyğun aparılması istiqamətində səyləriniz davam etdiriləcəkdir”.
gundemxeber.com
2-11-2025, 18:02
8-02-2019, 14:42
14-04-2020, 11:58
12-04-2019, 16:15
8-01-2026, 18:03
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?