İran dövlət mediası xəbər verib ki, Xameneinin ölümündən sonra ölkəyə müvəqqəti şura rəhbərlik edəcək. Qurum bəzilərinin mötədil saydığı prezident Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri, sərt xətt tərəfdarı Qulam Hüseyn Möhseni-Ejei və Xameneinin müşaviri, İranın prezidenti vəzifəsini icra etmiş Məhəmməd Möxbərdən ibarətdir.
İran konstitusiyasına görə, əgər ali dini lider həyatını itirərsə, o zaman Ekspertlər Məclisi toplanaraq yeni ali dini lider seçir. Ekspertlər məclisinin özü xalq tərəfindən 8 illik seçilir. Lakin İran müxaliflərinin fikrincə, dini rejim Ekspertlər Məclisini sadəcə legitimlik üçün istifadə edir. Bununla belə hazırkı Ekspertlər Məclisinin daha çox Xamenei və SEPAH-ın adamlarından ibarət olduğuna dair iddialar da var.
Ekspertlər Məclisi yeni lideri müəyyən edənə qədər ölkəni 3 nəfərlik şura idarə edir. Bu şurada konstitusiyaya görə, prezident, məhkəmə hakimiyyəti rəhbəri və Ekspertlər Məclisinin seçdiyi bir nəfər olur.
Bununla belə Ekspertlər Məclisinin ali dini lideri nə qədər müddət ərzində seçməsinə dair konstitusiyada maddə yoxdur. İran tarixində yalnız bir dəfə belə olay baş verib. 1989-cu ildə mərhum ali dini lideri Ruhulla Xomeyninin ölümündən sonrakı bir gün ərzində Ekspertlər Məclisi Xameneini onun yerinə təsdiqləmişdi.
İran konstitusiyasına görə, ali dini lider yüksək dini təhsilə, eləcə də dövlət idarəçiliyində böyük təcrübəyə sahib olmalıdır. Əgər Xomeyni dönəmində bunun üçün namizədin mərceyi-təqlid dini rütbəsində olması mütləq idisə, Xamenei seçilərkən bu tələb gündəmdən çıxarılmışdı. O həmin zaman höccətülislam dini rütbəsi daşıyırdı. İran konstitusiyasına görə, ali dini lideri müctəhid - İslam fiqhində müstəqil hökm çıxara bilən alim olmalıdır.
Hələ Xameneinin ölümündən öncə bir sıra beyin mərkəzləri, eləcə də İran mühacir qrupları ali dini liderin xələfinin kim olacağına dair fikirlər irəli sürürdülər. Bu siyahıda əsas namizədlər Müctəbə Xamenei, Qulamhüseyn Möhsüni Ecei, Əlirza Arafi göstərilirdi. Xələf olmağa daha az inandırıcı olan namizədlər arasında isə Haşem Hüseyn Buşehri, Möhsün Qumi, Möhsün Araki, Əhməd Xatəmi və digərlərinin adları çəkilirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?