Məhkəmə hakimiyyətinin əsas missiyası qanunun aliliyini təmin etmək, hüquq və azadlıqların müdafiəsinə xidmət etməkdir. Bu baxımdan Ali Məhkəmə yalnız konkret mübahisələrə baxan instansiya deyil, eyni zamanda ölkədə vahid məhkəmə təcrübəsini formalaşdıran ali məhkəmə orqanıdır. Lakin məhkəmələrin özlərinin formalaşdırdığı hüquqi yanaşmaların eyni məhkəmə tərəfindən tətbiq olunmaması ciddi hüquqi suallar doğurur.
Məhz belə bir vəziyyətin yaşandığı iddia olunur. Məlumata görə, 2025-ci ilin oktyabr ayından Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatında olan kassasiya şikayəti ilə bağlı proses artıq səkkiz aya yaxındır yekunlaşmır. İşə baxan məhkəmə tərkibinin iki hakimi – Rahib Nəbizadə və Səyyad Kərimova etiraz verildiyi halda, həmin etiraza bu günədək baxılmadığı bildirilir.
İddia olunur ki, Ali Məhkəmə Plenumunun formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən hakimə etiraz daxil olduqda bu məsələyə məhkəmə sədri tərəfindən operativ qaydada baxılmalı və müvafiq qərardad qəbul edilməlidir. Eyni zamanda inzibati məhkəmə qərarlarının icrasının təmin olunması məsələsində də məhkəmənin xidməti vəzifəsindən irəli gələn öhdəlikləri mövcuddur. Buna baxmayaraq, təqdim olunan məlumata görə, nə etirazla bağlı qərar qəbul olunub, nə də məhkəmə qərarının icrası istiqamətində hər hansı hüquqi nəticə əldə edilib.
Maraqlı məqamlardan biri də odur ki, kassasiya şikayəti əvvəlcə mümkün hesab olunaraq icraata qəbul edilib. Hətta tərəfə 16 yanvar 2026-cı il tarixində işə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verildiyi bildirilir. Lakin səkkiz ay sonra həmin şikayətin “vahid məhkəmə təcrübəsinin mövcudluğu” əsas gətirilərək mümkün sayılmadığı və geri qaytarıldığı iddia edilir.
Bu vəziyyət bir sıra hüquqi suallar doğurur. Əgər kassasiya şikayəti ilkin mərhələdə prosessual tələblərə uyğun hesab edilərək icraata qəbul olunmuşdusa, sonradan hansı hüquqi əsaslarla onun mümkünsüz hesab edilməsi qərarı verilib? Daha da önəmlisi, bu müddət ərzində hakimlərə edilmiş etirazın baxılmamış qalması prosessual qanunvericiliyin tələbləri ilə nə dərəcədə uzlaşır?
Məsələnin digər diqqətçəkən tərəfi isə məhkəmə qərarlarının icrası ilə bağlıdır. Hüquqşünaslar dəfələrlə vurğulayıblar ki, məhkəmə qərarı yalnız qəbul edildiyi anda deyil, icra olunduğu zaman real hüquqi nəticə doğurur. İcra edilməyən məhkəmə qərarı hüququn kağız üzərində qalması deməkdir. Bu səbəbdən də məhkəmə qərarlarının vaxtında və tam icrası hüquqi dövlət prinsiplərinin ayrılmaz hissəsi hesab olunur.
İddia olunur ki, tələbkar səkkiz ay ərzində Prezident Administrasiyasına, Milli Məclisə, Ombudsmana və digər dövlət qurumlarına müraciətlər etsə də, problem öz həllini tapmayıb. Bu isə hüquqlarının məhkəmə təminatına ümid edən vətəndaşın uzun müddət hüquqi qeyri-müəyyənlik şəraitində qalmasına səbəb olur.
Hüquq dövlətində məhkəmə təcrübəsinin vahidliyi yalnız kağız üzərində qəbul edilmiş qərarlarla deyil, həmin qərarların bütün instansiyalar tərəfindən, o cümlədən Ali Məhkəmənin özü tərəfindən ardıcıl tətbiqi ilə təmin olunur. Əks halda eyni hüquqi məsələyə fərqli yanaşmalar hüquqi sabitlik prinsipini zəiflədir, vətəndaşların məhkəmə sisteminə etimadına mənfi təsir göstərir.
Əlbəttə, qeyd olunan iddialar aidiyyəti məhkəmə orqanlarının mövqeyi ilə də qiymətləndirilməlidir. Məhkəmənin təqdim edəcəyi hüquqi izahlar məsələnin obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ancaq bir məqam dəyişmir: məhkəmə qərarlarının icrasının təmin edilməsi, hakimə etiraz institutunun vaxtında araşdırılması və prosessual qərarların ardıcıllığı hüquqi dövlətin əsas sütunlarındandır. Bu prinsiplərdən hər hansı birinin pozulduğu barədə yaranan şübhələr isə təkcə konkret iş üzrə deyil, bütövlükdə məhkəmə sisteminə ictimai etimad baxımından ciddi müzakirə mövzusuna çevrilir.
Sorğu
Yeni dizaynımız necədir?