Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Qədim Şabran” abidəsində nadir tikili və saxsı borularla çəkilən su xətti aşkarlanıb
"Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli "Qədim Şabran" abidəsində tədqiqatların növbəti mərhələsinə başlanılıb.
Gundemxeber.org xəbər verir ki, arxeoloji qazıntılar nəticəsində qədim Şabran şəhərini su ilə təmin edən saxsı borular, ovdan və ya anbar olması ehtimal edilən nadir tikili və bir sıra başqa maddi mədəniyyət nümunələri aşkarlanıb.
Tədqiqatlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə dəstəyi ilə həyata keçirilir.
Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov AZƏRTAC-a bildirib ki, “Qədim Şabran” abidəsində təxminən on illik fasilədən sonra arxeloji qazıntılar yenidən bərpa olunub. Tədqiqatların bundan sonra sistemli şəkildə ilboyu davam etdirilməsi nəzərdə tutulub.
“Xəzərin qərbsahili boyunca Azərbaycanın bir sıra Orta əsr şəhərləri mövcud olub. Onlar içərisində Orta əsr mənbələrində Dərbənddən sonra ən önəmli şəhər kimi Şabran şəhərinin adı çəkilir. Şabran şəhərinin qalıqları böyük ərazini – təxminən Şahnəzərli, Rəhinli, Aygünlü və başqa kəndləri əhatə edir. Şəhər yerinin aşkarlanması, ilk tədqiqatların aparılması ötən əsrin yetmişinci illərində başayıb. Təqribən on il bundan əvvəl burada qazıntılar dayandırılmışdı. Biz bu il yenidən qazıntı işlərini bərpa etdik. Əsas məqsəd bu abidənin aşağı təbəqələrinin dövrünü tam dəqiq müəyyən etməkdir. Çünki yazılı mənbələrdə Erkən Orta əsrlərdə (V-VI əsrlər) Şabran şəhərinin mövcudluğu haqqında məlumatlar var. Ancaq bu illər ərzində aparılan qazıntılar zamanı biz hələlik aşağı təbəqəyə çata bilməmişik. Çünki burada çox qalın, 5-6 metrlik mədəni təbəqə var. İkinci məqsədimiz isə Şabran şəhərinin son dövrlərində burada baş vermiş sosial prosesləri izləməkdir”, - deyə Səfər Aşurov söyləyib.
Mütəxəssis bildirib ki, hazırda tədqiqat aparılan ərazi təqribən XV əsrin mədəni təbəqəsinə aiddir. Qazıntılar zamanı bir sıra maraqlı tapıntılar aşkarlanıb.
“Qədim Şabran şəhərin su ilə təchiz edən saxsı boruların müəyyən hissəsi artıq üzə çıxarılıb. Bu xətt saxsı borular vasitəsilə suyun dağlardan Şabran şəhərinə gətirilməsi üçün vasitədir. Digər tərəfdən çox maraqlı gümbəzvari bir tikilinin qalıqları üzə çıxıb. Bu, çox güman ki, anbar, yaxud da hər hansı bir ovdan ola bilər. Hələ ki üst təbəqədəyik. Alt qatlar təmizləndikcə tikili barədə daha aydın fikir yürüdə biləcəyik. Tapıntılar arasında çox sayda şirli və şirsiz qablar var. Şirli qabların böyük əksəriyyəti Son Orta əsrlərə (XVII-XVIII əsrlərə) aid edilir”, - deyə Səfər Aşurov söyləyib.
Mühüm tapıntılardan biri də lazurit daşından olan medalyondur. Mütəxəssis güman edir ki, bu medalyon Şabran şəhərinə ticari yolla gətirilib və Qədim Şabranın iqtisadi əlaqələrinin hansı səviyyədə olması haqqında informasiya verəcək.
"Qədim Şabran" arxeoloji abidəsində tədqiqatlarla paralel "Çıraqqala–Şabran: Tarixin izində" Arxeoloji Yay Məktəbi – I layihəsinə də start verilib. Layihənin əsas məqsədi gənclərin ölkəmizin zəngin arxeoloji irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində elmi fəaliyyətə cəlb edilməsi, onlara sahə təcrübəsinin qazandırılması və "Qədim Şabran" kimi dünya əhəmiyyətli abidələrin tədqiqinə töhfə verməkdir.
"Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi Vüsalə Bəbirova bildirib ki, layihə çərçivəsində müxtəlif təhsil müəssisələrinin tələbələri "Qədim Şabran" abidəsinin tarixi əhəmiyyəti, aparılan arxeoloji tədqiqatların məqsədi barədə məlumatlandırılır. Yay Məktəbi gənc tədqiqatçıların nəzəri və praktiki biliklərinin artırılmasına xidmət edir. Bu təşəbbüs Azərbaycanın mədəni irsinin gələcək nəsillərə çatdırılması və arxeologiya sahəsində yeni mütəxəssislərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Abidədə tədqiqat işlərinin bu mərhələsi avqust ayının sonuna kimi davam edəcək.\
Gundemxeber.org
7-06-2018, 15:36
6-07-2021, 09:16
8-01-2024, 23:31
21-01-2016, 19:14
14-10-2013, 20:31
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?