Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bu günün xəbərləri: İki Azərbaycan hərbçisi Laçında həlak olub, Sergey Lavrov qaçqınların Qarabağa qaytarılmasından danışıb
Bu günün xəbərləri: İki Azərbaycan hərbçisi Laçında həlak olub, Sergey Lavrov qaçqınların Qarabağa qaytarılmasından danışıb
Azərbaycan hərbçiləri qəza nəticəsində həlak olub, Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşündə qaçqınların Qarabağa qaytarılmasından danışıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Bazar ertəsi Laçında Azərbaycan ordusunun hərbi qulluqçuları həlak olub, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik bildirib ki, "KamAZ" markalı hərbi yük avtomobilinin Laçın rayonu ərazisində qəzaya uğraması nəticəsində Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları - kiçik çavuş Coşqun Zeynallı və əsgər Orxan Rəhimli həlak olub.
Qurum hadisə ilə bağlı cinayət işinin açıldığını və araşdırma aparıldığını qeyd edib.
Qaçqınların Qarabağa qaytarılması müzakirə edilib
Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə qaçqınların Qarabağa qaytarılmasından danışıb.
Bazar ertəsi günü baş tutan görüşdə dünyada məcburi köçkün, qaçqın və vətəndaşlığı olmayan şəxslərin vəziyyəti, onların Covid-19 pandemiyası dövründə köçü ilə bağlı məsələlər müzakirə olunub, TASS agentliyi yazıb.
TASS Rusiya XİN-nə istinadən xəbər verir ki, qaçqınların və müvəqqəti köçkünlərin Dağlıq Qarabağa və ətraf rayonlara qaytarılması məsələləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il imzaladıqları 10 noyabr bəyanatına uyğun olaraq nəzərdən keçirilib.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci il sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları birgə bəyanatla başa çatıb. Bəyanata görə, Rusiya sülhməramlı qüvvələri atəşkəsi təmin etmək üçün Qarabağa yerləşdirilib.
Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu bildirir.
Sorğu
Yeni dizaynımız necədir?