Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fələstinlilər İsrail əsgərlərinin İordan çayının qərb sahilində keçirdiyi reyd zamanı 3 fələstinlinin öldürüldüyünü bildirib
Fələstinlilər İsrail əsgərlərinin İordan çayının qərb sahilində keçirdiyi reyd zamanı 3 fələstinlinin öldürüldüyünü bildirib
Fələstinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, çərşənbə axşamı İsrail əsgərlərinin işğal altında olan İordan çayının qərb sahilindəki Nablus şəhərində keçirdiyi reyd zamanı baş verən atışmada 3 fələstinli öldürülüb, onlarla insan yaralanıb.
Atışma Qəzza Zolağında İsrail və Fələstinin “İslami Cihad” militant qruplaşması arasında üç gün davam edən qarşıdurmanın atəşkəs nəticəsində dayandırılmasından bir gün sonra baş verib.
İsrail polisi təhlükəsizlik qüvvələrinin bu ilin əvvəlində İordan çayının qərb sahilində silsilə atışmalara görə axtarışda olan İbrahim Əl-Nabulsinin evini mühasirəyə aldıqlarını bildirib. Onlar Əl-Nabulsi və daha bir fələstinli militantın atışma zamanı hadisə yerində öldürüldüyünü, əsgərlərin onun evində silah və partlayıcı maddələr aşkar etdiklərini təsdiqləyib.
İsrail ordusu əsgərlərin onlara daş və partlayıcı qurğular atan fələstinlilərə atəşlə cavab verdiyini bildirib. Ordu fələstinlilərin güllələndiyini təsdiqləsə də, onların vəziyyəti barədə ətraflı məlumat verməyib.
Fələstin Səhiyyə Nazirliyi üç nəfərin - Əl-Nabulsi, İslam Səbuh və Hüseyn Camal Tahanın öldüyünü, azı 40 nəfərin yaralandığını bildirib.
Bu ilin əvvəlində israilliləri hədəf alan və 19 nəfərin ölümünə səbəb olan bir sıra ölümcül hücumlardan sonra İsrail son aylar Fələstinin silahlı qruplaşmalarına, ilk növbədə “İslami Cihad”a qarşı əməliyyatların bir hissəsi olaraq İordan çayının qərb sahilində gecə saatlarında reydlər həyata keçirib. Həbslər zamanı İsrail əsgərləri ilə toqquşmalarda onlarla fələstinli həlak olub.
Keçən həftə İsrailin İordan çayının qərb sahilində Cenin şəhərində keçirdiyi gecə əməliyyatlarından birində “İslami Cihad”ın yüksək rütbəli militantı Bassam Əs-Sədi həbs edilib. Qrup “hazır vəziyyətdə” olduğunu bildirəndən sonra cümə günü İsrail silahlı qrup tərəfindən “təhlükəsinə” cavab olaraq, Qəzza Zolağında “İslami Cihad” hədəflərinə zərbələr endirib.
Sorğu
Yeni dizaynımız necədir?