Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri yaxın günlərdə keçiriləcək rəsmi görüşdə Rusiya ilə danışıqlar apara biləcək xüsusi nümayəndə postuna namizədləri nəzərdən keçirəcəklər.
Bu barədə "Financial Times" nəşri yazıb.
Məlumata görə, gələn həftə Kiprdə keçiriləcək Aİ sammitində xarici işlər nazirləri potensial namizədlərin müsbət tərəflərini müzakirə edəcəklər.
Görüşdə həmçinin Rusiya-Avropa münasibətlərinin gələcəyi barədə fikir mübadiləsi aparılacaq. Bura Ukrayna böhranı fonunda tərəflərin "qırmızı xətləri" və Moskva ilə dialoqa başlamaq üçün vacib olan ilkin şərtlərin müəyyənləşdirilməsi də daxildir.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropanın Rusiya ilə birbaşa danışıqlara girməsinə qarşı olmadığını Aİ rəsmilərinə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Avropanın Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə diplomatik danışıqlar apara biləcək vasitəçilər axtardığı barədə məlumatlar yayılmışdı. Sözügedən vəzifəyə namizədlər arasında Almaniyanın sabiq kansleri Angela Merkel, İtaliyanın keçmiş baş naziri Mario Draqi və Finlandiya Prezidenti Aleksandr Stubbun adları da var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?